CƏMİYYƏT
Şəhid uşaqları üçün yay düşərgəsinin daha bir günü rəngarəng görüntülərlə yadda qalıb
Bakı, 3 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi və dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil olunan növbəti yay istirahət düşərgəsi davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bölgədəki məşhur istirahət mərkəzlərində yerləşdirilən 70 nəfərdən ibarət ilk qrup düşərgənin 4-cü günündə peşəkar təlimçilərin təşkil etdiyi “Ebru” və “Mini Survivor” təliminin iştirakçısı olublar.
Sonra intellektual və əyləncəli oyunlarda özlərini sınayan iştirakçılar üçün açıq havada minifutbol yarışı, eləcə də hovuzda su idman oyunları təşkil edilib. Uşaqlar bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Peşəkar psixoloqun iştirakı ilə “Hisslərin (emosiyaların) dünyası” adlı təlim də keçirilib. Günün sonunda iştirakçılar üçün rayon ərazisindəki “Çənlibel” gölünün ətrafına gəzinti təşkil olunub.
Layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynləri ilə birgə 140 nəfəri) əhatə edir. Layihənin ilk mərhələsi kimi hazırda uşaqlardan və valideynlərdən ibarət 70 nəfər Qubada 5 günlük yay istirahət düşərgəsindədir. Növbəti mərhələdə daha 70 nəfər yay düşərgəsinə yola salınacaq.