CƏMİYYƏT
Şəhid və qazi ailələrinin övladlarından ibarət tələbə heyətinin Türkiyəyə yola salınması mərasimi keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Türkiyə səfirliyində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) təşkilatçılığı ilə “Tək millət və tək ürək” humanitar platforması çərçivəsində şəhid və qazi ailələrinin övladlarından ibarət tələbə heyətinin yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, həmçinin Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı bu tədbirin məhz sentyabrın 27-də keçirilməsinin əhəmiyyətini vurğulayaraq 1918-ci il, eyni zamanda, 1990-cı il və İkinci Qarabağ müharibəsinin şəhidlərinə rəhmət diləyib, qəhrəman qazilərimizə sağlıq və uzun ömür arzulayıb.
Səfir Cahit Bağçı Türkiyə-Azərbaycan dostluq əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində qardaş ölkələrin rəhbərləri tərəfindən həyata keçirilən siyasəti yüksək qiymətləndirib. Qeyd edib ki, 2021-ci ilin iyunun 15-i Azərbaycan Respublikasının şanlı Zəfər tarixinə xüsusi əhəmiyyəti olan bir gün kimi daxil olub. Səfir həmin gün Azərbaycanın əvəzsiz sərvəti və mədəniyyət beşiyi olan Şuşa şəhərində Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bağlanan Şuşa Bəyannaməsinin qardaşlıq və müttəfiqlik münasibətlərində ən önəmli hadisə olduğunu vurğulayıb.
Türkiyəyə yola salınan gənc tələbələrə təhsildə uğurlar diləyən səfir dost və qardaş ölkədə bütün sahələrdə zəruri dəstək göstəriləcəyini bildirib.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının düşmən üzərində qazandığı şanlı Qələbədən söz açıb.
H.Büyükfırat deyib ki, hər birimiz İkinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərə borcluyuq. Odur ki, gənclərin Sivas Dövlət Universitetində təhsil xərclərini ödəyərək, bu borcu yerinə yetirmək istəyirik.
İctimai Birliyinin İdarə Heyətinin sədri Türkiyəyə yola salınan gənclərin Bakıya layiqli vətəndaş kimi qayıdacaqlarına əminliyini ifadə edib.
Milli Məclisin deputatı Ramil Həsən çıxışında Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərin ailələrinə, yaralılara, qazilərə və onların ailə üzvlərinə bundan sonra da məqsədyönlü tədbirlərin görüləcəyini qeyd edib.
Türkiyəyə təhsil almağa gedən gənclərimizə müvəffəqiyyət arzulayan Ramil Həsən bildirib ki, qardaş Türkiyə və Azərbaycan arasında heç bir fərq yoxdur və gənclərimiz orada özlərini vətənlərində olduqları kimi hiss edəcəklər. Qardaş ölkədə azərbaycanlı tələbələri yüksək səviyyədə qarşılayacaqlar. Onun sözlərinə görə, “Tək millət və tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platforması artıq Azərbaycanda tanınan sosial layihə kimi bütün istiqamətlərdə şəhid və qazi ailələrinə qardaş Türkiyənin hərtərəfli yardımını həyata keçirən birləşdirici platforma olaraq işini uğurla görməkdədir.
R.Həsən, həmçinin diqqətə çatdırıb ki, gənc tələbələr nəinki təhsildə, eləcə də gələcək həyatlarında da sonrakı nəsillərə örnək olmalıdır. Azərbaycanda İkinci Qarabağ müharibəsində qazilərimizin Türkiyədə müalicə olunaraq sağalması bir daha onu göstərir ki, biz “İki millət, bir dövlətik”.
Xatırladaq ki, “Tək millət və tək ürək” humanitar platforması çərçivəsində Türkiyənin Sivas Dövlət Universitetində 19 gənc azərbaycanlı tələbə təhsil alacaq.