CƏMİYYƏT


Şəhidlər və gənc qazilərin şeirlərindən ibarət kitabın təqdimatı olub

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən “Əbədi sevgi - Vətən” layihəsi əsasında yazıçılarla keçirilən görüşlər yekunlaşıb.

ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin təbliği istiqamətində iş aparmaq, vətənpərvərlik mövzusunda olan qələm örnəklərinin təbliğini geniş oxucu kütləsi arasında həyata keçirtməkdən ibarət olub.

Layihənin yekunu olaraq şəhidlər və gənc qazilərin şeirlərindən ibarət kitab işıq üzü görüb. Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən təqdimat mərasimində yazıçı qazilər, şairlər, həmçinin şəhid ailələri iştirak ediblər.

Qeyd olunub ki, layihə çərçivəsində nəinki Azərbaycanda, eləcə də bütün dünyada öz əsərləri ilə tanınmış yazıçılarla görüşlər keçirilib. İlk görüş yazıçı, akademik Kamal Abdulla ilə keçirilib.

Görüş zamanı yazıçı ədəbiyyat, qələmə aldığı əsərləri, "Kitabı-Dədə Qorqud" dastanı kimi istiqamətlərdə gənclərlə öz fikirlərini bölüşüb və onların suallarını cavablandırıb. Həmçinin görüşdə tanınmış qələm adamları, yazıçı-publisist Kənan Hacı, yazıçı Cavid Zeynallı, şair Qismət Rüstəmov, yazıçı Mübariz Örən də iştirak edib.

Layihə çərçivəsində ikinci görüş Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilib. Görüş zamanı yazıçının həyat və yaradıcılığı, dünyaca məşhur əsərləri geniş müzakirə olunub, yazıçının vətənpərvərlik mövzusunda dəyərli fikirləri dinlənilib.

Layihənin sonuncu görüşü isə Əməkdar jurnalist, yazıçı Varis Yolçuyevlə keçirilib və bununla da layihə yekunlaşıb.

“Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” proqramı gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələrə müvafiq resurs dəstəyinin göstərilməsi və gənclər təşkilatlarının fəaliyyətlərinin səmərəliliyinin və məhsuldarlığının artırılmasını nəzərdə tutur.

Proqram çərçivəsində 12 təşkilat tərəfindən həyata keçirilən 12 layihəyə resurs dəstəyi göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.