CƏMİYYƏT
Səhiyyə Nazirliyi: Təcili tibbi yardım gələnə qədər artıq üç gəmiçi həyatını itirib
Bakı, 19 oktyabr, AZƏRTAC
Xəzər dənizində Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi ilə əlaqədar təcili tibbi yardıma çağırış olub.
Təcili tibbi yardım gələnə qədər artıq üç gəmiçi həyatını itirib. Səkkiz gəmiçi Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onlardan birinin vəziyyəti yaxşı olduğu üçün ambulator şəraitdə ilkin tibbi yardım göstərilib. Yeddi gəmiçi qospitalizasiya olunub. Hazırda onların vəziyyəti orta ağırdır, ölüm təhlükəsi yoxdur. Kapitanın gəmini tərk etməyə ixtiyarı olmadığı üçün ona yerindəcə ilkin tibbi yardım göstərilib. Kapitanın vəziyyəti normaldır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.
Qeyd edək ki, oktyabrın 18-də saat 21:20 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi halı baş verib.