MƏDƏNİYYƏT
Səhnənin ustadı - Abbas Mirzə Şərifzadə
Bakı, 1 dekabr, AZƏRTAC
Xalq artisti Abbas Mirzə Şərifzadənin 125 illiyinə həsr edilmiş növbəti tədbir sənətkarın adını daşıyan mədəniyyət mərkəzində reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları və fəal oxucuları, habelə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək aktyorun həyat və yaradıcılığı haqqında məlumat verib.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli deyib ki, A.M.Şərifzadə novator aktyor olub. Onun təklifi ilə istedadlı insanlar Xarkov və Moskva şəhərlərində oxumağa göndərilib.
Bildirib ki, 1921-1937-ci illərdə A.M.Şərifzadə yeddi dəfə H.Cavidin “Şeyx Sənan” dramında baş rolu ifa edib. Natiq sənətkarın “İblis”, “Topal Teymur”, “Aydın”, “Od gəlini” və başqa tamaşalarda yaratdığı uğurlu obrazlarını qeyd edib.
Xalq artistləri Azər Paşa Nemətov, Ağakişi Kazımov, Hacı İsmayılov, Bəxtiyar Xanızadə, ədəbi tənqidçi Əsəd Cahangir çıxış edərək aktyorun sənət fəaliyyətindən, zəngin yaradıcılığından söz açıblar.
Tədbir konsert proqramı və aktyorun rol aldığı ekran əsərlərindən fraqmentlərin izlənilməsi ilə davam edib.