REGİONLAR
Şəkidə 1000 hektaradək sahədə təkrar qarğıdalı əkini aparılacaq
Şəki, 6 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Taxıl biçini başa çatdıqdan sonra Şəki rayonunun təsərrüfatlarında 1000 hektaradək sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Qısa müddətdə rayonun Oxud, Aydınbulaq, Aşağı Göynük, Öryət, Baltalı, Biləcik kəndlərinin ərazilərində 532 hektar sahədə yaşıl yem üçün təkrar qarğıdalı əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qeyd edək ki, təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 86 manat subsidiya ödənilir. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
Qurum rəsmisi bildirib ki, hazırda təsərrüfatlarda taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Builki mövsümdə rayonda 48 min 219,6 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Biçiləcək sahələrin 22 min 434,9 hektarı arpa, 25 min 784,7 hektarı isə buğda sahələridir. Bu günədək 20 min 577 hektarı arpa, 12 min 78 hektarı buğda olmaqla, 32 min 655 hektar sahənin məhsulu biçilib, 64 min 19 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 18,2 sentner təşkil edir. Hazırda sahələrdə 125 kombayn işləyir.