REGİONLAR


Şəkidə “Xan Şuşinski və Şuşanın dağları” adlı tədbir keçirilib

Şəki, 21 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində "Şuşa İli" çərçivəsində "Xan Şuşinski və Şuşanın dağları" adlı tədbir keçirilib.

Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Regional Mədəniyyət İdarəsi və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçıları şəhid Elçin Nadirovun övladı Arzu Nadirovanın ifasında “Şuşanın dağları” rəqsinə tamaşa ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 gün davam edən və düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini bildirib. Vurğulanıb ki, 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazılıb.

“Şuşa İli” çərçivəsində ölkəmizdə, o cümlədən Şəki şəhərində müxtəlif tədbirlərin keçirildiyini qeyd edən icra hakimiyyətinin başçısı bu tədbirin Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiram var. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə muğam sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini icra edən Tərlan Nəsibov çıxışında muğam sənətinin Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu təşkil etdiyini bildirib. XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndəlik, vokal sənətinin də sürətlə inkişaf etdiyini qeyd edən T.Nəsibov Xan Şuşinskinin Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində Şəki şəhər 4 saylı Uşaq Musiqi Məktəbinin və Şəki Dövlət Regional Kollecinin kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.