REGİONLAR
Şəkili kümçülər indiyədək 7,8 tondan çox yaş barama təhvil veriblər
Şəki, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Şəkidə yaş barama istehsalının 42 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar şəkili kümçülərə bölgü əsasında 1050 qutu, yəni 20 kiloqram ipəkqurdu paylanılıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə əlavə olaraq 20 qutu ipəkqurdu da verilib. Bir neçə gündür ki, rayonda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Şəkili kümçülər ilk günlərdə qəbul məntəqəsinə 7 ton 846 kiloqram yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə barama yetişdirmək üçün 256 kümçü ilə müqavilə bağlanılıb. Kiçik Dəhnə kəndindən Rasim Nuhov indiyədək qəbul məntəqəsinə 197 kiloqram yaş barama təhvil verib. Kümçü cari mövsümdə 7 qutu, yəni 133 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Aşağı Göynük kənd sakini Röyal Ağabalayev bu günədək məntəqəyə 194,2 kiloqram, Orta Zəyzid kəndindən Arif Əzimov 179,1 kiloqram, Cumakənddən Səfər Həsənov 156,5 kiloqram, Böyük Dəhnə kəndindən Ulduz Pirməmmədova isə 136,5 kiloqram yaş barama təhvil veriblər.
Ötən il şəkili kümçülər 1250 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 32 tona yaxın yaş barama istehsal ediblər.
Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.