REGİONLAR
Şəkinin təsərrüfatlarında 107 min tondan çox qaba yem tədarük olunub
Şəki, 23 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Şəkili heyvandarlar payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün indidən ciddi hazırlaşırlar. Belə ki, bu günədək rayonun təsərrüfatlarında 107 min tondan çox qaba yem tədarük olunub. Tədarük edilən yemin 54,2 min tonunu quru ot, 52,8 min tonunu isə küləş təşkil edir. Yem tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min tonadək ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Təsərrüfatlarda, eyni zamanda, payızlıqların səpini üçün yay şumunun çıxarılmasına da başlanılıb. Fermerlər indiyədək 1150 hektar sahədə şum aparıblar. Bundan əlavə, taxıl biçini başa çatmış ərazilərdə 1080 hektar sahədə yaşıl yem üçün təkrar qarğıdalı da əkilib.
Xatırladaq ki, cari mövsümdə rayonda 63 min 531 hektar sahənin məhsulu biçilib, 204 min 907 ton taxıl istehsal olunub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 6 min tondan çox artıb.