ELM VƏ TƏHSİL


Səkkizinci sinif şagirdi müəllifi olduğu kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib

Bakı, 21 yanvar, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunda, Azərbaycan Jurnalistlər Birliyinin üzvü gənc yazar Sevindik Nəsiboğlu ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, Xırdalan şəhəri 9 saylı tam orta məktəbin VIII sinif şagirdi Sevindik Nəsiboğlu ilə görüşdə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə gənc şairin timsalında istedadlı yeniyetmələrdə Vətənə sevgi, həmçinin kitaba, mütaliəyə böyük həvəsin olduğunu görəndə qürurlandığını söyləyib. Onun şeirlərində vətənpərvərlik üslubunun ön planda dayandığını nəzərə çatdırıb.

Görüşdə istedadlı şair və ailə üzvləri MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar. Onlar burada ulu öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoları, müharibə iştirakçılarının şəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Aprel və Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrə baxıblar. Həmçinin şəhid, qazi və müharibə iştirakçılarının həyatını əks etdirən məlumatlar, şəxsi sənədlər, onların kitablarından ibarət kolleksiya ilə tanış olublar.

Gənc yazar Sevindik Nəsiboğlu müəllifi olduğu “Hərdən uçmaq istəyirəm...”, “Könüllərə yol gəzirəm”, “Ulu Naxçıvanım”, “Dünyamsan Azərbaycan”, həmçinin ölkəmizin tarixi Qələbəsinə həsr olunmuş “Möhtəşəm Zəfərin nişanəsi” kitablarını fonda hədiyyə edib. “Möhtəşəm Zəfərin nişanəsi” kitabında şəhidlər, qazilər və müharibə iştirakçılarının həyat və döyüş yolundan bəhs edən publisistik məqalələr, şeirlər, anım tədbirlərindən çıxışlar və gənc yazar tərəfindən yaradılmış “Vikipediya” səhifələri yer alıb.

Qeyd edək ki, istedadlı yazar Sevindik Nəsiboğlu bir sıra diplomlara layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.