İQTİSADİYYAT


Səmərqənddə AZAL-ın ilk reysi eniş edib

Səmərqənd, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-nə keçən gecə “Azərbaycan Hava Yolları”nın Bakıdan yola düşən ilk reysi Səmərqənd hava limanına eniş edib.

AZƏRTAC xəbər verir ki, milli aviadaşıyıcının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.

Səmərqənd vilayəti rəhbərinin müavini Rüstəm Kabilov reysin ilk sərnişinlərini salamlayıb. Bildirib ki, bu reysin açılması Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin genişləndirilməsi, turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi, turist sayının artırılması məqsədi daşıyır. Reyslər həftədə iki dəfə həyata keçiriləcək.

Səmərqənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyev reysin açılmasını səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb. Bildirilib ki, Səmərqənddə 5 mindən çox azərbaycanlı yaşayır. Bu reysin açılması turizmin inkişafı ilə yanaşı, tələbələrin gediş-gəlişini də asanlaşdıracaq.

"FlyKhiva" qrupunun baş direktoru Dilşod Xacayev təmsil etdiyi təşkilatın AZAL-ın Özbəkistanda əsas tərəfdaşı olduğunu vurğulayıb. “Əminəm ki, iki şəhər arasında aviareysin açılması hər iki tərəfə öz töhfələrini verəcək. Ümid edirəm ki, növbəti reys Urgenç, Namanqan şəhərlərinə olacaq və ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənəcək”, - deyə D.Xacayev bildirib.

Azərbaycan və Özbəkistan arasında ortaq mədəniyyət, din və adət-ənənələri mövcud olduğunu vurğulayan AZAL-ın mətbuat katibi Nərmin Xəlilova deyib: “Əlbəttə ki, bu gün Özbəkistanın mirvarisi və dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə ilk reysin açılmasının mühüm əhəmiyyəti var.

AZAL, həmçinin Daşkəndə də uçuşlar həyata keçirir. Sentyabrın sonundan etibarən “Azərbaycan Hava Yolları”nın Bakıdan Özbəkistanın paytaxtı Daşkənddə uçuşlarının tezliyi də həftədə 5 dəfəyədək artırılıb", - deyə AZAL-ın mətbuat katibi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.