REGİONLAR
Şəmkir Rayon Prokurorluğunda “Açıq qapı” günü keçirilib
Şəmkir, 25 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq avqustun 25-də Şəmkir Rayon Prokurorluğunda “Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Həmçinin, iştirakçılara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.
Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.