CƏMİYYƏT
Şəmkir rayonunda odlu silahla törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 8 may, AZƏRTAC
Şəmkir Rayon Prokurorluğu bu ilin yanvarında odlu silahla törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, yanvarın 21-də Bəxtiyar Alıyevin odlu silahla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən olunub ki, rayon sakini Vasif Aslanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə etdiyi ov tüfəngi ilə Bəxtiyar Alıyevi qəsdən öldürüb.
Vasif Aslanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.