REGİONLAR
Şəmkir şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi təqdim edilib
Layihənin icrası nəticəsində 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətləri yaxşılaşacaq
Şəmkir, 16 fevral, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar toplantı və layihənin təqdimat mərasimi keçirilib.
Toplantıda rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov, eləcə də məsləhətçi və podratçı təşkilatların nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimatda layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Şəmkirdə gördüyü işləri yüksək qiymətləndirib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.
Layihə və podratçı təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Təqdimat çərçivəsində qeyd olunub ki, layihə 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Şəmkir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin daha da yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə diametrləri 110-280 millimetr, uzunluğu 13,4 kilometr olan paylayıcı su şəbəkəsinin və diametrləri 600-1200 millimetr, uzunluğu 15,2 kilometr olan magistral kanalizasiya kollektorunun tikilməsi nəzərdə tutulub.