REGİONLAR
Şəmkirdə “AzAqro” MMC-nin istilikxanasında Hollandiyadan gətirilən qızıl güllər yetişdirilir
Şəmkir, 25 noyabr, Famil Quliyev, AZƏRTAC
Ölkəmizdə kənd təsərrüfatına göstərilən dövlət dəstəyindən yararlanan “AzAqro” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) iki hektar ərazidə müasir istilikxana kompleksi qurub. Burada holland sortundan olan qızıl gül və tərəvəz yetişdirilir. Hollandiyadan gətirilmiş qızıl gül tingləri tam torpaqsız şəraitdə, xüsusi mineral substratda becərilir. Əsasən 6 növ gül əkilib. Bir dəfə əkilən gül tingindən 4-5 il davamlı şəkildə gül dərmək mümkündür.
“AzAqro”nun baş mühəndisi Əli Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, istilikxananın 1 hektarında Hollandiyadan gətirilmiş güllər, digərində isə tərəvəz yetişdirilir. Bütün məhsullar yerli bazara çıxarılır, bir qismi isə xaricə ixrac olunur. Gül istilikxanasında mikroiqlim və suvarma proseslərinin hamısı mərkəzləşdirilmiş kompüterlə idarə olunur.
İstixana şəraitində yetişdirilən güllərdən gün ərzində 1000-1500 qızıl gül dərilir.
Gülçü Könül Xıdırova bildirib ki, 8 ildir bu istixanada gül becərir. Güllər əsasən səhər-səhər yığılır və çeşidlənməyə verilir. Çeşidlənmədə güllər növlərə və rənglərə görə seçilir, buketlərə vurularaq, xüsusi qablarda saxlama kameralarına yerləşdirilir. Oradan isə həm sifarişçiyə, həm də satışa göndərilir.