İQTİSADİYYAT


Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib

Bakı, 12 may, AZƏRTAC

Sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.

İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, indiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,1 milyard manatı (təqribən 32 faizi) ixrac olunub.

Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə edilir. Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6 faiz (681 milyon manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 milyon manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 milyon manat təşkil edib.

2022-ci ilin I rübündə 681 milyon manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,8 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 36,3 faiz (318 milyon manat) olub.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

Qeyd edək ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.