İQTİSADİYYAT
Sentyabrda Bakıda HR Forum keçiriləcək
Bakı, 16 avqust, AZƏRTAC
Sentyabrın 15-də Bakıda “İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri” mövzusunda HR Forum keçiriləcək.
AZƏRTAC xəbər verir ki, forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl ölkəmizin təcrübələrini bölüşmək, fikir mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılmasına təkan verməkdir.
Forum Azərbaycan İnsan Resursları Cəmiyyəti (HRS), ADA Universiteti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycandakı Amerika Ticarət Palatası (“AmCham”) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə keçiriləcək. Forum HR menecerlər, mütəxəssislər, HR sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər, məsləhətçilər və bu sahədə ixtisaslaşmaq istəyən vətəndaşlar üçün nəzərdə tutulub.