QAN YADDAŞI
Serbiya portalı 20 Yanvar faciəsindən yazır
Belqrad, 21 yanvar, AZƏRTAC
Serbiyanın "Balkanin" xəbər portalında "Qara Yanvar - 30-cu ildönümü" adlı məqalə yayılıb.
Məqalədə 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən, Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun və mövcud rejimin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edilir. Qeyd olunur ki, faciə zamanı 140-dan artıq dinc sakin qətlə yetirilib, 700-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Habelə yazıda xalqımızın ümummilli lideri Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi vurğulanır, həmin hadisələrə məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi bildirilir.
Məqalədə hadisələrə aid tarixi fotoşəkillər də yer alıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad