SİYASƏT


Şərur rayonunun Dərvişlər kəndində yeni sosial obyektlər istifadəyə verilib

Şərur, 25 oktyabr, AZƏRTAC

Bu gün muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və inkişafı təmin edib. Şərur rayonunun Dərvişlər kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, yeni sosial obyektlər istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “...Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Dərvişlər kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 25-də Dərvişlər kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan 198 şagird yerlik məktəbdə 11 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və təsərrüfat otağı yerləşir. Kitabxana fondunda 3282 kitab vardır.

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb, eyni zamanda, kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz olunub. Şagirdlər hazırladıqları “3D avtomatik yemləmə qurğusu”, “Məsafəölçən cihaz” və “Temperaturölçmə cihazı” layihələrini təqdim ediblər.

Müəllim Münəvvər Seyidsoy yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Bu gün Şərur rayon Dərvişlər kənd tam orta məktəbində STEAM kabinəsi yaradılıb. Yaradılan şərait imkan verir ki, şagirdlər praktik olaraq öz ideyalarını müstəqil şəkildə layihələr hazırlamaqla reallaşdıra bilsinlər. Məktəbdə STEAM təlim metodunun tətbiqi tədrisdə yeni təlim üsullarının öyrənilməsinə, analitik, yaradıcı, yenilikçi, ixtira edən, gələcəyin peşəkar gənclərinin yetişməsinə öz töhfəsini verəcək”.

Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Tarix Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Moskva və Qars müqavilələri” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Məktəbin kimya, biologiya və fizika laboratoriyalarında ən müasir avadanlıqlar quraşdırılıb ki, bununla da şagirdlər keçilən dərsləri təcrübələr vasitəsilə daha yaxşı mənimsəyəcəklər.

Dərvişlər kənd tam orta məktəbinin idman zalındakı şərait, həmçinin açıq idman qurğuları bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan verəcək. Məktəbdə basketbol və tennis idman növləri üzrə idman klubları yaradılıb. Hər cür təchizata malik olan hərbi kabinədə şagirdlər ilkin hərbi biliklərə yiyələnəcək, şahmat sinfində isə onların hərtərəfli inkişafı təmin ediləcək.

Ali Məclisin Sədri idman dərslərinin keçirilməsinə xüsusi diqqət yetirilməsi barədə tapşırıq verib.

Şahmat müəllimi Məzahir Süleymanov minnətdarlıq edərək deyib: “Bu gün müasir formada tikilərək istifadəmizə verilən məktəb binasında dərsləri günün tələbləri səviyyəsində keçmək üçün hər cür şərait yaradılıb. Lazımi əyani vasitələrlə təchiz olunan şahmat sinfi gənclərin hərtərəfli inkişafını təmin edəcək və şahmata olan marağı daha da artıracaq”.

Ali Məclisin Sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanıb.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikanın bütün rayonlarında təhsil müəssisələrinin infrastrukturu yenilənir, maddi-tədris bazası möhkəmləndirilir. İşıqlı sinif otaqları, müasir elektron lövhələr, kompüterlər, laboratoriyalar, fənn kabinələri, zəngin fonda malik kitabxanalar, idman zalları şagirdlərin istifadəsinə verilir. Cari ilin ötən dövründə Şərur rayon Şəhriyar, Babək rayon Araz, Ordubad rayon 1 nömrəli, Nüsnüs və Əndəmic kənd tam orta məktəbləri yenidən qurularaq istifadəyə verilib. Hazırda Şərur rayon Çərçiboğan, Babək Rayon Sirab, Göynük, Ordubad rayon Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-quruculuq işləri aparılır. Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə yaradılan Naxçıvan şəhər Kimya-Biologiya Təmayüllü Lisey və STEAM Təlim Tədris Mərkəzi üçün də binaların tikintisi davam etdirilir. Muxtar respublikanın digər rayonları kimi, Şərur rayonunda da təhsilin müasir tələblər səviyyəsində qurulması, ümumtəhsil məktəblərinin maddi-tədris bazasının yaxşılaşdırılması diqqətdədir. Dərvişlər kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılıb, tədrisin yüksək səviyyədə təşkili üçün müasir şərait yaradılıb. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məktəbin gənc müəllimi Billurə Novruzova minnətdarlıq edərək deyib: “Muxtar respublikada yaşayış məntəqələri müasirləşir, kəndlərdə şəhər infrastrukturu yaradılır, kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər istifadəyə verilir. Bunun da nəticəsində insanların rahat yaşayışı təmin edilir. Bu gün Dərvişlər kəndi də müasir kəndlər sırasına qoşulur. Burada yaradılanlar insan amilinə verilən dəyər, dövlət qayğısının bariz nümunəsidir. Bu gün istifadəmizə verilən müasirtipli Dərvişlər kənd tam orta məktəbi bütün müəllim, şagird və valideynlər üçün böyük hədiyyədir. Artıq şagirdlər ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər. Bundan böyük diqqət və qayğı ola bilməz. Söz veririk ki, bundan sonra da müəllim adını uca tutacaq, savadlı və vətənpərvər gənclər yetişdirəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dərvişlər kənd tam orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Yeni məktəb binası müasir tədrisin tələblərinə tam cavab verir. Bu da müəllimlərə öz vəzifələrini layiqincə yerinə yetirməyə və şagirdlərin yaxşı təhsil almasına imkan verəcək. Yaradılan şəraitdən səmərəli istifadə etməli, müəllimlər tələbkar, şagirdlər çalışqan olmalı, məktəblə ailə arasında sıx əlaqə qurulmalıdır.

“Məktəbin nailiyyətləri qənaətbəxşdir və muxtar respublikanın ümumi orta göstəricisindən yüksəkdir”, - deyən Ali Məclisin Sədri bu münasibətlə kollektivə təşəkkürünü bildirib. Qeyd olunub ki, nailiyyətlərinin yüksək olmasının əsas səbəbi təhsil ocağında müəllim-şagird münasibətlərinin düzgün qurulmasıdır. Ölkəmizin gələcəyi təhsilli və vətənpərvər gənclərdən asılıdır. Məktəblərdə gənclər bu ruhda hazırlanmalıdır. Digər bir tərəfdən məktəbdə yeni texnologiyalar da nəzərə alınmış, STEAM kabinəsi qurulmuşdur. Çünki yeni texnologiyalar günün tələbidir. Bu gün orta məktəbi bitirən gənclər kompüterdən və internetdən sərbəst istifadə etməyi bacarmalıdırlar. Elektron lövhə və dərsliklərdən düzgün istifadə olunarsa, şagirdlər dərslərini əzbərləmə yolu ilə deyil, qavrama yolu ilə mənimsəyərlər. Bu da onların inkişafında əsas şərtdir. Bir sözlə, məktəbin bugünkü imkanları gələcək nailiyyətlərin əsasıdır.

“Gənclərin təlim tərbiyəsi təkcə məktəbin işi deyil, ailələr də təlim tərbiyə işinə cəlb olunmalı, məktəb-ailə münasibətləri formalaşmalı, inkişaf etdirilməlidir”,- deyən Ali Məclisin Sədri bildirib ki, bu, gənclərin hazırlanmasında əsas amildir və ailənin təlim tərbiyədən kənarda qalmamasını təmin edir. Ona görə də məktəb işi ümumxalq işi kimi qəbul edilməli, müəllim-valideyn münasibətləri davamlı olmalıdır. Bu da imkan verəcək ki, gənclər həm təhsilli və vətənpərvər, həm də milli dəyərlər əsasında yetişsinlər.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə əminliyini bildirib.

Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, stadion yenidən qurulub, abadlıq və yaşıllıq işləri aparılıb.

“Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi yenidən qurulub

Muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən olan Şərur rayonunda iqtisadiyyatın bütün sahələri inkişaf edib, aqrar sahədə islahatların əhatə dairəsi genişlənib. Bunun nəticəsidir ki, Şərur artıq aqrar sahədə inkişafın yeni mərhələsini yaşayır. Rayonda torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi mühüm rol oynayır.

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dayaq məntəqəsində yaradılan şəraitlə tanış olub.

Ali Məclisin Sədri çıxış edərək deyib: “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi də bu gün yenidən qurularaq kollektivin istifadəsinə verilir. Burada fəaliyyət üçün hərtərəfli şərait yaradılmışdır. Şərur rayonunun çox qədim əkinçilik ənənələri vardır. Uzun illər burada istehsal olunan məhsullar ölkəmizin qida təhlükəsizliyini təmin etmişdir. Dayaq məntəqəsi həmin əkinçilik ənənələrini qorumalı, davam etdirməli, qədim və yerli meyvə sortlarının, dənli bitkilərin və digər ərzaq məhsullarının bərpası sahəsində iş aparılmalıdır. Balansda olan 8,1 hektar ərazi müəssisəyə gəlir gətirməlidir.

Ali Məclisin Sədri yaradılan şəraitə görə kollektivi təbrik edib, gələcək təcrübə işlərində uğurlar arzulayıb.

Ali Məclisin Sədri “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi ərazisində əkilən buğda, arpa, yerli qarğıdalı, eləcə də meyvə və çərəz sortları nümunələrinə baxıb. Qeyd olunub ki, ərazidə Şərur şəraitində yerli “Qarabağlar”, “Xələc” və türk mənşəli “Bayram-1” soğan sortlarının gübrə normalarının, yeni texnologiyaların tətbiqi və qida mühitinin əkin sıxlığının məhsuldarlığına təsiri elmi əsaslarla öyrənilir.

Binaya baxış zamanı məlumat verilib ki, burada 3 iş otağı, qarderob və anbar yerləşir. Məntəqənin istifadəsində 2,8 hektar kolleksiya meyvə bağı, 2 hektar taxıl, 0,8 hektar təcrübə sahəsi, 2 hektar yağlı dənli bitkilər üçün sahə və 0,5 hektar köməkçi sahə olmaqla, 8,1 hektar torpaq sahəsi vardır. Məntəqənin əsas istiqaməti elmi-tədqiqat, maarifləndirmə, elmi yeniliklərin tətbiqi, genofondun qorunması, toplanması və yayılmasıdır.

Məntəqə müdiri Azər Qafarov minnətdarlıq edərək deyib: “Əvvəllər dayaq məntəqəsinin binası yararsız vəziyyətdə idi, uçmaq təhlükəsi var idi. İndi isə fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmaq üçün hər cür şərait yaradılıb, ərazi çəpərlənib. Biz də yaradılan şəraitə uyğun olaraq çalışacağıq ki, muxtar respublikada məhsuldarlığın inkişafına öz töhfəmizi verək”.

Dərvişlər kənd mərkəzində hərtərəfli şərait yaradılıb

Oktyabrın 25-də Dərvişlər kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 3945 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 48 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 84 üzvü vardır ki, onlardan da 18-i gənc, 18-i isə qadındır. Ərazi ilk təşkilatının sədri İsmayıl Ağayarov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin gəlişi muxtar respublikamızın hər yerində olduğu kimi, bizim kəndimizdə də böyük ruh yüksəkliyi yaradıb. Həyata keçirilən quruculuq işləri kəndimizə müasir görkəm verib. Bu gün istifadəyə verilən müasir sosial obyektlər kənd sakinlərinin rahat yaşayışını təmin edəcək. Bütün bunlar isə hakim partiya olan Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsində mümkün olub. Təşkilatımızın üzvləri kənddə gedən bütün siyasi proseslərdə fəallıq göstərirlər”.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Ali Məclisin Sədri dezinfeksiya işlərinin vaxtında aparılması və dərmanla təminat barədə tapşırıqlar verib.

Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.

Məntəqə müdiri Nəzakət Mehdiyeva yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdik. İndi bizim üçün müasir iş şəraiti yaradılıb, feldşer-mama məntəqəsi zəruri tibbi avadanlıqlarla təmin olunub. Bu qayğıya cavab olaraq bundan sonra da daim əhalinin sağlamlığının keşiyində duracağıq”.

Ali Məclisin Sədri tibbi xidmətin, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzi xəstəxanasından həkim briqadalarının bura göndərilməsi barədə tapşırıqlar verib.

Abad kənd yolundan bəllidir

İqtisadi inkişafın başlıca şərtlərindən biri də yol infrastrukturunun yaradılmasıdır. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsidir. Naxçıvan şəhərində olduğu kimi, rayon və kəndlərdə də avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Dərvişlər kənd avtomobil yolu yenidən qurulub.

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, ümumi uzunluğu 4,8 kilometr olan yola asfalt örtük salınıb, 800 metrlik kənddaxili yollara qum-çınqıl qatı verilib, 20 su keçidi qoyulub, 1100 metr beton su kanalı çəkilib.

Yeni xidmət mərkəzində 5 nəfər işlə təmin olunub

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dərvişlər kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.

Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.

Ali Məclisin Sədri tələbata uyğun məhsulların satışının həyata keçirilməsi barədə tapşırıq verib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri Dərvişlər kəndinin abad yaşayış məntəqələri sırasına daxil olması münasibətilə təbrik edərək deyib: Bu gün Dərvişlər kəndində həyata keçirilən işlər əhalinin rahat yaşayışına xidmət edir. Bu işlərin görülməsi üçün ölkənin gərək imkanları olsun. Azərbaycanda bütün bunlar vardır. Ulu öndər Heydər Əliyev siyasi xətti ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. İqtisadi imkanlar artdıqca həyata keçirilən quruculuq işlərinin miqyası da genişlənir, yeni iş yerləri açılır. Eyni zamanda, iqtisadi imkanlar imkan verdi ki, işğal altında olan torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərdə quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb, bu ərazilər də yaxın zamanlarda ölkəmizin abad, məhsuldar və gözəl guşələrindən birinə çevriləcək. Kənddə yaradılan şərait torpaqlardan səmərəli istifadə etməyə imkan verəcək. Kəndin 200 hektara yaxın məhsuldar torpaq sahəsi vardır. Su ilə təminatda, məhsulların satışının həyata keçirilməsində heç bir problem yoxdur. Ona görə də torpaqlar əkilməli, kəndin abadlığı bundan sonra da davam etdirilməli, qurulanlar qorunub saxlanılmalıdır.

Ali Məclisin Sədri kompleks quruculuq işlərinə görə sakinləri bir daha təbrik edib.

Dərvişlər kənd sakinləri adından minnətdarlıq edən təqaüdçü Məhəmməd Mehdiyev deyib: Muxtar respublikada quruculuq işləri sürətlə aparılır və hər tərəf günü-gündən gözəlləşir. Bütün bölgələrdə yeni tipli məktəb binalarının salınması gənc nəslin elmli, savadlı olması və dünyagörüşünün formalaşmasına böyük təsir edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri arasında böyük sevinclə qarşılanır. Bu il mənim üç nəvəm ali məktəbə qəbul olub. Bu da təhsilə göstərilən qayğının nəticəsidir. Xidmət mərkəzində əsasən, yerli məhsullar satılır ki, bu da muxtar respublikanın günü-gündən inkişaf etdiyinin bariz nümunəsidir. Kənd sakinləri əsasən əkinçilik və maldarlıqla məşğul olur. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulları bazarlarda rahat satışını təşkil edərək büdcələrini daha da zənginləşdirir, güzəranlarını yaxşılaşdırırlar. Əvvəlcə rayona gedib-gəlmək çətin idi, çox əziyyət çəkirdik. İndi isə yollarımız abadlaşıb, kəndin küçələri asfalt örtüklə örtülüb, telefon, internet, qaz və elektrik xətləri yenilənib. Bir sözlə, kəndimiz öz simasını tamamilə dəyişərək şəhər görkəmi alıb. Görülən bütün işlər Dərvişlər kənd sakinlərinə böyük qayğıdır. Biz də söz veririk ki, bundan sonra da təsərrüfatlarımızı genişləndirəcək, torpaqlarımızı əkib-becərəcək, kənd təsərrüfatının inkişaf etdirilməsində əlimizdən gələni əsirgəməyəcək, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyacaq və gələcək nəsillərə ötürəcəyik”.

Ali Məclisin Sədri Xanlıqlar-Dəmirçi avtomobil yolunun kənarlarına yaşıllıqların salınması barədə tapşırıq verib.

X  X  X

Dərvişlər kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 2037 metr yeni fiberoptik, 1300 metr yeraltı kabel, 1900 metr hava xətti çəkilib. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 35 ağac dayağa beton gövdə bərkidilib, 5650 metr məsafədə məftil naqillər kabel xətti ilə əvəz edilib, 1500 metr hava elektrik verilişi xətti çəkilib, 300 metr yerüstü elektrik xətti yeraltı kabel xətti ilə əvəz olunub, 2 az güclü transformator 1 ədəd 400 kVA-lıq transformatorla əvəz edilib. Bundan başqa 150 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 2350 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb. Eyni zamanda, 1420 metr içməli su xətti çəkilib, suvarma arxında 900 metr lildən təmizləmə işləri aparılıb, subartezian quyusuna 2 paylayıcı quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.