DÜNYA
Seul və Pxenyan koreyalararası sammitin keçirilməsinə hazırlaşır
Bakı, 14 mart, AZƏRTAC
Koreya Respublikası və KXDR aprelin sonlarına planlaşdırılan koreyalararası sammitin keçirilməsi üçün hazırlıq işləri görürlər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Birləşmə Nazirliyinin nümayəndəsi Pek The Xön jurnalistlər üçün keçirilən brifinqdə bildirib. “Tərəflər koreyalararası sammitin hazırlığı üzrə danışıqlar aparır. Lakin işlərin aktiv fazası bu həftə müvafiq komitənin tam formalaşmasından sonra başlayacaq”, - deyə məmur əlavə edib.
Cənubi Koreya prezidenti administrasiyasının başçısı İm Çjon Sok artıq bu orqanın sədri vəzifəsinə təyin edilib, komitənin ilk iclası isə martın 16-na planlaşdırılıb.
Xatırladaq ki, Koreya Respublikasının prezidenti yanında Milli Təhlükəsizlik İdarəsinin rəisi Çon Iy Yön və Milli Kəşfiyyat İdarəsinin direktoru So Hun martın əvvəlində Pxenyana səfər edərək KXDR lideri Kim Çen Inla görüşüblər. Danışıqlar zamanı aprel ayının sonlarında KXDR və Koreya Respublikası liderlərinin sammitinin keçirilməsi barədə razılıq əldə olunub.
Eyni zamanda, Pxenyan Vaşinqtonla münasibətlərin normallaşdırılması üçün danışıqlara və yarımadanın nüvəsizləşdirilməsi mövzusunu müzakirə etməyə hazır olduğunu da bildirib. Çon Iy Yön ötən həftə Vaşinqtonda jurnalistlər qarşısında çıxış edərkən ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri ilə may ayınadək görüşməyə razılıq verdiyini deyib.