DÜNYA
Seul və Vaşinqton birgə təlimlərə dair planı ABŞ-KXDR sammitindən sonra elan edəcək
Bakı, 8 fevral, AZƏRTAC
Seul və Vaşinqton birgə hərbi təlimlərə başlamaq barədə planlarını ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın fevralın 27-28-nə planlaşdırılan ikinci sammitindən sonra elan edəcək.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin olaraq martın 4-də “Key Resolve” komanda-qərargah təlimlərinə başlamaq nəzərdə tutulur.
Təlimlərin vaxtının elan olunmasının təxirə salınması qərarı sammit öncəsi əlavə qıcıqlandırıcı faktorlardan yayınmaq üçün verilib. Bundan əlavə, ABŞ və KXDR liderlərinin görüşü zamanı Pxenyanın ölkəsinə təhlükə kimi qəbul etdiyi hərbi manevrlərin vaxtının dəyişdirilməsi və ya tam ləğvi barədə razılaşma əldə oluna bilər. Bu səbəbdən hərbi təlimlərə neytral ad qoymaq qərara alınıb.
Xatırladaq ki, bir qədər öncə ABŞ Prezidenti Donald Tramp fevralın 27-28-də Vyetnamda Kim Çen Inla görüşəcəyini bildirib. Sammitin keçiriləcəyi şəhərin adı isə açıqlanmayıb.
ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda olub. Sammitin yekunlarına dair liderlərin birgə bəyanatında Pxenyanın Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğu, Birləşmiş Ştatların isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etdiyi bildirilirdi.