REGİONLAR
Səyyar satış: Göyçayın Qarabaqqal kəndində fermerlər 70 faiz güzəştlə gübrə əldə ediblər
Göyçay, 2 mart, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti martın 1-də Göyçay rayonunun Qarabaqqal kəndində güzəştli şərtlərlə səyyar gübrə satışı həyata keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar satışdan Qarabaqqal və ətraf kəndlərin sakinləri yararlanıblar.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə, 70 faiz güzəştdən yaralanaraq mineral gübrə əldə ediblər.
Keçirilən səyyar satış zamanı 116 vətəndaşa 60 ton azot və nitroammofoska gübrələri satılıb.
Fermerlər və fiziki şəxslər səyyar satışdan razılıqlarını bildiriblər.
Qeyd edək ki, fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir. Məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara ASC-nin əlçatanlığını təmin etməkdir.