DÜNYA
Si Cinpin: Biz Koreya yarımadasında müharibə və xaosa imkan verməməliyik
Pekin, 15 dekabr, AZƏRTAC
Biz Koreya yarımadasının nüvə silahsızlaşdırılması ilə bağlı hədəfimizdən dönməməli, yarımadada müharibə və xaosa imkan verməməliyik.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Koreya Respublikasının Prezidenti Mun Ce-in ilə görüşdə deyib.
Tərəflər Koreya yarımadasındakı vəziyyəti müzakirə edərək problemin yalnız dialoq və məsləhətləşmələr yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər.
“Çin və Koreya Respublikasının Koreya yarımadasında sülh və sabitliyin təminatı ilə bağlı vacib ortaq maraqları var. Çin yarımadada sabitliyin təminatı, müharibəyə yol verilməməsi və sülhün təşviqi üçün Koreya Respublikası ilə ünsiyyəti və əlaqələndirməni gücləndirməyə davam edəcək”, - deyə Si Cinpin bildirib.
Mun Ce-in də ölkəsinin Koreya yarımadasındakı nüvə məsələsinin sülh yolu ilə həllində qəti qərarlı olduğunu deyib. Koreya Prezidenti bu məsələdə ölkəsinin Çin ilə işləmək arzusunu bir daha bəyan edib.
Dövlət başçıları iki ölkə arasında münasibətlərin müxtəlif sahələrinə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşün sonunda iki ölkə arasında iqtisadi və ticarət, o cümlədən “yaşıl iqtisadiyyat”, ətraf mühit, kənd təsərrüfatı, səhiyyə, enerji və digər sahələrdə bir neçə sənəd imzalanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin