Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi QAYDASI

Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 12 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə uyğun olaraq sığortaolunanlar üzrə xüsusi hesaba (bundan sonra - xüsusi hesab) əlavə vəsaitlərin ödənilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi

2.1. Xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə (bundan sonra – MİS) “Elektron hökumət portalı” və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron xidmətlər” bölməsi vasitəsilə gücləndirilmiş elektron imza ilə daxil olaraq elektron ərizə ilə müraciət edir. Ərizənin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

2.2. Müraciət qəbul olunduqdan sonra xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs “Dövlət sosial sığorta sistemində xüsusi hesabı aktivləşdir” elektron xidmətini seçir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyənləşdirdiyi formada məlumatları dolduraraq təsdiqləyir.

2.3. Fərdi uçot sistemində qeydiyyatı olmayan şəxs üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsinə icazə verilmir. 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyası hüququna uyğun olaraq əmək pensiyası kapitalı formalaşan, lakin dövlət sosial sığorta sistemində fərdi hesabı olmayan şəxslər üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsi onlara fərdi hesab açıldıqdan sonra həyata keçirilir.

2.4. Xüsusi hesaba əlavə vəsait daxil olduqda bu barədə istifadəçinin öz ərizəsində qeyd etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə bildiriş göndərilir. Bildirişin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

2.5. Xüsusi hesaba ödənilən əlavə vəsaitlərin məbləği əmək pensiyasının minimum məbləğinin 3300 mislindən çox ola bilməz.

2.6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pensiya təyinatı aparıldıqdan sonra həmin şəxs üçün xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsinə icazə verilmir.

3. Xüsusi hesaba vəsaitin mədaxili və həmin vəsaitdən istifadə

3.1. Xüsusi hesaba ödənilən vəsaitlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq xəzinə hesabına mədaxil olunur.

3.2. Sığortaolunanlar üzrə ödənilən vəsaitlər məcburi dövlət sosial sığorta haqlarına əlavə olaraq dövlət sosial sığorta sistemində hər bir sığortaolunan şəxsin uçotu dövründə sosial sığorta nömrəsi ilə açılmış fərdi hesabında qeydə alınır.

3.3. Fərdi hesablarda qeydə alınan vəsaitlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq indeksləşdirilir.

3.4. Xüsusi hesaba mədaxil olunmuş vəsaitlərdən əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə istifadə edilir.

3.5. Sığortaolunanın ailə başçını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri xüsusi hesaba ödənilmiş əlavə vəsaitlərdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada pensiya təyinatı üçün istifadə etmək hüququna malikdirlər.

4. Xüsusi hesabla bağlı məlumatların real vaxt rejimində əldə olunması

Hər bir sığortaolunan “Elektron hökumət” portalına daxil olub “Sığortaolunanlara məlumatların verilməsi” xidmətini seçərək xüsusi hesabla bağlı məlumatları real vaxt rejimində əldə edə bilər. Məlumatların formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

5. Yekun müddəalar

5.1. Xüsusi hesaba köçürülmüş əlavə vəsaitlərin idarə olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə müvafiq qaydada aparılır.

5.2. Bu Qaydaya uyğun olaraq xüsusi hesaba köçürülmüş əlavə vəsaitlərin fərdi hesabın sığorta hissəsində qeydə alınması nəticəsində formalaşan pensiya kapitalına görə sığortaolunana əmək pensiyasının təyin edilməsini və ödənilməsini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasını təyin edən orqan həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin