CƏMİYYƏT
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində seminar keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.
Seminar çərçivəsində xüsusi təqdimatlarla dinləyicilərə psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı, narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumat verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça iştirakçılara verilib.