REGİONLAR
Şimal bölgəsinə ekskursiyanın ilk ünvanı - “Şabran şəhəri” tarixi qoruğu VİDEO
Şabran, 24 mart, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində səkkiz rayonun şagirdlərindən ibarət qruplar şimal bölgəsinə ekskursiyaya gəliblər.
AZƏRTAC xəbər verir ki, Ağdaş, Şirvan, Göyçay, Kəlbəcər, Xocalı, Ağdam, Xocavənd və Laçın rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri dörd gün ərzində Quba-Qusar-Xaçmaz marşrutu üzrə təşkil edilən ekskurssiyada iştirak edirlər.
Tur-aksiya iştirakçıları yolüstü “Şabran şəhəri” tarixi qoruğunda olublar. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanışlıq şagirdlərdə zəngin təəssürat doğurub.
Quba şəhərinə gələn məktəblilər buradakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmtəraqla qarşılanıblar.
Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb.
Daha sonra məktəblilər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Ekskursiyada iştirak edən şagirdlər martın 27-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.