REGİONLAR
Şimal bölgəsinin arıçıları təcrübələrini gənc və yeni başlayan həmkarları ilə bölüşüblər
Quba, 19 may, Elxan Yusifli, AZƏRTAC
Gənc və yeni başlayan arıçılar üçün şimal bölgəsindəki təcrübəli həmkarlarının təsərrüfatlarına turlar təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Arıçılar Assosiasiyası tərəfindən təşkil olunan turlarda bu regiondakı tanınmış arıçılar gənclərlə öz zəngin təcrübələrini bölüşüb, arı ailələrinə qulluqla bağlı dəyərli məsləhətlərini veriblər.
Quba, Qusar və Xaçmazdakı böyük arı təsərrüfatlarında olan gənc arıçılara ana arıların yetişdirilməsi, arı ailələrinin sağlam bölünməsi, ana arıların süni mayalandırılması və başqa mövzular üzrə təlimlər keçirilib.
Qubalı arıçı Elxan Ələkbərovun arıçılıq təsərrüfatında arıterapiya ilə müalicə üçün yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, arı zəhəri, arı südü, propolis və digər arı məhsulları insanlar tərəfindən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Son illər isə arıterapiya sahəsində daha bir səmərəli metod sürətlə yayılmaqdadır. Ölkəmiz üçün də yeni olan bu müalicə növü Azərbaycanda ilk dəfə Qubada tətbiq edilib. Söhbət arı pətəyinin içərisindəki hava ilə nəfəs almaqla müalicə olunmaq üsulundan gedir.
Qubalı arıçı almaniyalı həmkarlarının təcrübəsindən yararlanaraq xüsusi avadanlıqla təmin olunan səyyar müalicə otağı qurub. Burada astma, bronxit, allergiya, xronik başağrısı və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar xüsusi nəfəsliklər vasitəsilə arı pətəklərindəki havanı sormaqla müalicə olunurlar.
Gənc və yeni başlayan arıçılar üçün təcrübəli həmkarlarının təsərrüfatlarına növbəti turlar cənub zonasına təşkil olunacaq. Bundan əvvəl isə Şəki-Zaqatala bölgəsindəki arıçılarla təcrübə mübadiləsi aparılıb.