CƏMİYYƏT
Şimal qütbü və Antarktidadakı buzlaqların əriməsi noyabr ayında rekord səviyyəyə çatıb
Bakı, 8 dekabr, AZƏRTAC
Elm adamları Şimal qütbü və Antarktidadakı buzlaqların miqdarının daha əvvəl rast gəlinməmiş bir vəziyyətdə azalmasının rekord səviyyədə olmasını açıqlayıblar.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Milli Qar və Buz Məlumat Mərkəzinin rəsmi internet saytında yayımlanan hesabatda son 30 ilin göstəricilərinə əsasən, Şimal qütbü və Antarktidadakı buzlaqların əriməsinin noyabr ayında rekord səviyyəyə çatdığı qeyd olunur.
Hesabatda bildirilir ki, Şimal qütbündəki buz kütlələri 1981-2010-cu illərdə orta hesabla 9,08 milyon kvadratkilometr ərazini əhatə edib. Noyabr ayında isə buzlaqların ölçüsünün 1,95 milyon kvadratkilometr olduğu müəyyən edilib. Antarktidada isə noyabr ayında buz kütlələrinin ölçüsü 14,54 milyon kvadratkilometr təşkil edib ki, bu da hesabatda göstərilən dövrlə müqayisədə 1,81 milyon kvadratkilometr daha aşağıdır.
Hesabatda, həmçinin Barents dənizi də daxil olmaqla həmin dövrdə buzlaqların 50 min kvadratkilometr azaldığı bildirilir.