DÜNYA
Şimali Afrika ölkələrində un və çörəyin qiymətləri bahalaşır
Qahirə, 15 mart, AZƏRTAC
Ukrayna böhranı Şimali Afrika ölkələrinin ərzaq təchizatında, xüsusən taxıl idxalında ciddi problemlər yaradıb. Belə ki,
Misir, Tunis, Mərakeş və Liviya buğdanın çox hissəsini Ukrayna və Rusiyadan idxal edir. Bu səbəbdən həmin ölkələrin hökumətləri alternativ mənbələr axtarmağa başlayıblar.
AZƏRTAC xəbər verir ki, Şimali Afrikanın bəzi ölkələri Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatların aclıq və iğtişaşlara səbəb ola biləcəyindən ehtiyat edirlər. Onlar ərzaq qiymətlərinin artmasının son on ildə baş vermiş üsyanlarda rolunu yaxşı xatırlayırlar. Artıq Tunisin paytaxtında supermarketlərdə un, şəkər və manna yarması limitlə satılır.
Aprelin əvvəlində başlayacaq Ramazan ayı ərəfəsində toplu alış müsəlman ölkələrində adi haldır, lakin hökumət ərzaq böhranından ehtiyat edir və əhalini qənaət rejiminə alışdırmağa çalışır. Tunis çörək istehsalı üçün istifadə edilən yumşaq buğdanın demək olar ki, yarısını Ukraynadan idxal edir. Hökumət rəsmiləri bu Şimali Afrika ölkəsinin üç aya yetəcək qədər ehtiyata malik olduğunu bildiriblər.
Neftlə zəngin Liviya buğdanın təxminən 75 faizini Rusiya və Ukraynadan alır. Bu ölkədə gündən-günə gərginləşən daxili vəziyyət və hökumət böhranı ilə əlaqədar qiymətlərin artması daha da sürətlənib. Mərakeş də tədarük üçün eyni mənbədən istifadə edir. Ekspertlər bildirirlər ki, Şimali Afrikanın Misirdən sonra ikinci ən böyük buğda istehlakçısı olan Əlcəzair üçün vəziyyət daha yaxşıdır. Belə ki, bu ölkə taxılı Argentina və ya Fransadan idxal edir.
Əslində, əhalisinin əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayan Şimali Afrika ölkələri mümkün iğtişaşların qarşısını almaq və ötən əsrin 80-ci illərində baş vermiş aclıq fəlakətinin təkrarlanmaması üçün çörək, manna və makaron kimi əsas məhsullara subsidiyalar ayırırlar. Buna baxmayaraq, həmin ərzaqların qiymətinin artmasının qarşısını almaq mümkün deyil. Son iki ay ərzində Şimali Afrika ölkələrində çörək və digər un məhsullarının qiymətləri 20-30 faizə qədər bahalaşıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə