DÜNYA


Şimali Avropa ölkələrinin Müdafiə nazirləri Stokholmda görüşürlər

Stokholm, 18 noyabr, AZƏRTAC

Şimali Avropa ölkələrinin Müdafiə nazirləri Stokholmda görüşürlər.

AZƏRTAC İsveç hökuməti dəftərxanasının yaydığı press-relizə istinadla xəbər verir ki, Müdafiə nazirləri noyabrın 19-20-də “Şimal müdafiə əməkdaşlığı” təşkilatı - NORDEFCO çərçivəsində görüşəcəklər.

2019-cu ildə NORDEFCO-da İsveç sədrlik edir, lakin Krallığın təhlükəsizlik sahəsində kooperasiyanın təşkilinə xüsusi maraq göstərməsi ilə əlaqədar bu cür görüşlərə böyük əhəmiyyət verilir.

Stokholmda təşkil ediləcək müşavirə bu il İsveçdə nazirlər səviyyəsində keçirilmiş ikinci belə tədbirdir. Gözlənildiyinə görə, nazirlər həm ayrı-ayrı görüşlər, həm də Müdafiə nazirlikləri arasında böhranlı məsləhətləşmələrin mexanizmləri kimi məsələlərlə bağlı ümumi müzakirələr keçirəcəklər. Şimali Avropa ölkələri böhran, yaxud münaqişə vəziyyətində məsləhətləşmələrin keçirilməsi qaydasının yaradılması haqqında da razılığa gələcəklər. Bu mexanizm təhlükəsizlik sahəsində vəziyyətin hamı tərəfindən başa düşülməsinə nail olmaq imkanlarını artıracaq. Bundan əlavə, görüşdə İsveçin sədrliyinin hədəfləri ümumiləşdiriləcək, təhlükəsizlik və müdafiə siyasəti üzrə dialoq üçün ümumi platforma kimi NORDEFCO-nun fəaliyyəti yaxşılaşdırılacaq, habelə praktiki əməkdaşlıq nizamlanacaq.

Noyabrın 19-da Şimali Avropa və Baltikyanı ölkələrin Müdafiə nazirlərinin görüşü keçiriləcək. Görüşə Estoniya, Latviya və Litvanın Müdafiə nazirləri qatılacaqlar. Niderland, Polşa və Böyük Britaniyanın Müdafiə nazirləri və Almaniyanın müdafiə üzrə dövlət katibi Şimal qrupunun müdafiə siyasəti üzrə forum çərçivəsində görüşdə iştirak etmək üçün noyabrın 20-də Stokholma gələcəklər.

Qeyd edək ki, NORDEFCO təşkilatına İsveçlə bərabər, Danimarka, Finlandiya, İslandiya və Norveç daxildir. Avropada, bütövlükdə dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi baxımından bu təşkilatın əhəmiyyəti xeyli artıb, çünki NORDEFCO-nun iştirakçısı olan ölkələr məsləhətləşmələri xeyli intensivləşdiriblər, habelə qarşılıqlı fəaliyyətin səviyyəsini artırıblar.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.