CƏMİYYƏT
Şinzo Abe: Yaponiya koronavirusa qarşı qabaqlayıcı tədbirləri gücləndirəcək
Tokio, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də Yaponiyanın Baş Naziri Şinzo Abe bəyan edib ki, ölkəsi Çinin Uxan şəhərindən yayıldığı ehtimal edilən yeni koronavirusa qarşı qabaqlayıcı tədbirləri gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Şinzo Abe parlamentin növbəti sessiyasında çıxışı zamanı bildirib.
Qeyd edək ki, Yaponiya hökumətinin həmin məsələyə həsr edilən xüsusi iclasında Çindən bu ölkəyə gələn bütün təyyarə reyslərində sərnişinlərdən səhhətləri barədə anket doldurmaları barədə qərar qəbul edilib.
“Biz keçici xəstəliyin yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımları atacağıq”, - deyə Baş Nazir bildirib.
Yaponiyanın Səhiyyə naziri Katsunobu Kato da bildirib ki, keçici xəstəliyə yoluxduğu şübhə doğuran insanların dəqiqləşdirilməsi üçün yalnız Milli Keçici Xəstəliklər İnstitutunda deyil, eyni zamanda, ölkə üzrə bütün kliniki laboratoriyalarda test nümunələrinin analizi aparılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio