REGİONLAR
Şirvan şəhərində yığıncaq keçirənlər və qapalı yerdə tibbi maskasız olanlar cərimələniblər
Şirvan, 10 iyul, Mahir Babayev, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı Şirvan şəhəri L-T. İbrahimov küçəsindəki binada mənzillərdən birində əsgərlikdən qayıdan oğlu üçün xüsusi karantin rejimi qaydalarını pozaraq yığıncaq keçirən ev sahibi və qonaqlıqda iştirak edən 6 nəfər şəhər polis şöbəsinə gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimələr tətbiq olunub.
Qonaqlıqda iştirak edən qadınlara humanistlik göstərilib, onlara yerində ciddi xəbərdarlıq edilib.
Reyd zamanı həmçinin, qapalı yerlərdə-mağazalarda, ictimai-iaşə obyektlərində tibbi maskadan istifadə etməyən daha 7 nəfər barəsində inzibati protokollar tərtib edilərək onlara cərimələr tətbiq olunub.
Eyni zamanda bir neçə ictimai-iaşə obyekti xüsusi karantin rejimi qaydalarını və sosial məsafəni pozduğuna görə bağlanılıb, obyekt sahibləri şəhər məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə olunublar.
Şirvan şəhərində xüsusi karantin rejiminin qaydalarına riayət etmək üçün görülən tədbirlər çərçivəsində polis tərəfindən reydlər davam etdirilir.