REGİONLAR


Şirvan şəhərinin kanalizasiya sistemi yenidən qurulur

Şirvan, 17 iyul, Mahir Babayev, AZƏRTAC

Şirvan şəhərinin 230 kilometrlik kanalizasiya şəbəkəsi 2035-ci ilədək mərhələli şəkildə yenidən qurulacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin ilk kanalizasiya şəbəkəsi 1953-1955-ci illərdə inşa edilib. Şirvanın kanalizasiya şəbəkəsindən əhalinin 58 faizi mərkəzləşmiş kanalizasiya xidmətləri ilə təmin olunub. İstismar müddətini başa vurmuş mövcud kanalizasiya sistemi şəhəri tam əhatə etmir və hazırda yararsız vəziyyətə düşüb.

Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişafı və əhalinin artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 millimetr diametrli borularla 230 kilometr kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Hazırda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması mərhələli şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin 2018-ci il aprelin 3-də imzaladığı Sərəncama əsasən, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi məqsədilə “Azərsu” ASC-yə 2,8 milyon manat, 2019-cu il 17 aprel tarixli Sərəncamla isə daha 4 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitlər içməli su təminatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işlərinə yönəldilib. Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi və şəhərin bütövlükdə su xətlərinin yenidən qurulması nəticəsində 85 min əhalisi olan Şirvan şəhərinin 90 faizi 24 saat fasiləsiz su ilə təmin olunub.

Kanalizasiya şəbəkəsində isə ilkin mərhələdə Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 200-1000 millimetr diametrli borularla 3,1 kilometrlik əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb. Kollektorların 1,2 kilometrlik hissəsi inşa olunub və bu istiqamətdə işlər davam etdirilir. Növbəti mərhələdə Şirvan şəhərində yeni kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir. Cari ildə dövlət investisiya layihəsi çərçivəsində şəhərdə 20 kilometr kanalizasiya şəbəkəsinin yenidən qurulması nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanılıb.

“Azərsu”nun regional layihələr üzrə tikinti şöbəsinin mühəndisi Rəhbər Baxşəliyev bildirib ki, Şirvan şəhərinin kanalizasiya və su sistemi ötən əsrin 50-ci illərində yaradılıb: “66 kilometrlik su şəbəkəsi, 22 kilometrlik kanalizasiya sistemi şəhəri tam əhatə etmir və yararsız vəziyyətə düşüb. Ona görə də, şəhərin master planı hazırlanıb. Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün dövlət investisiyası proqramına əsasən mərhələli işlər aparılır”.

Mövcud kanalizasiya sistemində tez-tez tutulmaların baş verdiyini və sıradan çıxdığını nəzərə alaraq Şirvan şəhərində yeni kanalizasiya kollektor xəttinin çəkilişi işləri də aparılır. Çoxmərtəbəli yaşayış binalarının zirzəmilərində antisanitar vəziyyətin aradan qaldırılması və zirzəmilərdə toplanmış tullantı suların ləğv edilməsi üçün lazımi işlər görülür. Keçən il 14 belə binanın zirzəmisi təmizlənib və həmin binaların şəbəkə kanalizasiya xətti çəkilib. Bu ilin dövlət investisiya planına əsasən, Şirvan şəhərində 9 kilometrədək kanalizasiya-kollektor xətləri çəkiləcək. Hazırda bu işlərin 50 faizi yerinə yetirilib. Yeni kanalizasiya xətlərinin çəkildiyi bina və fərdi yaşayış evlərinin küçələrində köhnə kanalizasiya sistemi ləğv edilir və yeni kanalizasiya xətlərinə qoşulur. Bütün bu işlərin ilin sonunadək yekunlaşması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.