REGİONLAR
Şirvan şəhidlərinin təltif olunduqları medallar ailələrinə təqdim edilib
Şirvan, 17 may, Aydın Yavərzadə, AZƏRTAC
Şirvanda Vətən müharibəsi şəhidlərinin ailələrinə medalların və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, icra hakimiyyəti aparatının məsul əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayan İ.Abbasov böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Çıxışlarda şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif edilmiş Şirvandan olan 8 şəhidin medalları və vəsiqələri ailə üzvlərinə təqdim olunub. Bağırov Süleyman Loğman oğlu, Hüseynov Nicat Ziyafət oğlu, Mənəfli Əli Əflan oğlu, Məmmədli Cavid Natiq oğlu, Şıxəliyev Elvin Sarvan oğlu “Füzulinin azad olunmasına görə”, Zülfüqarlı Zeynal Alim oğlu “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, Rustamov Ruslan Nüsrət oğlu “Suqovuşanın azad olunmasına görə”, Əliyev Elçin Ramil oğlu “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.