REGİONLAR
Şirvanda tikilən Gənclik Mərkəzində son tamamlama işləri görülür
Şirvan, 12 avqust, Mahir Babayev, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin sifarişi ilə Şirvanda inşa olunan Gənclik Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, şəhərin Naxçıvan küçəsində tikilən bina ikimərtəbəlidir. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün bütün imkanlar yaradılır. Binada sərgi salonu, kitabxana, kafe-bar, emalatxana, internet, iş, xidmət və məsləhət otaqları olacaq. Gənclik Mərkəzində mədəni kütləvi tədbirlərin keçirilməsi üçün 108 yerlik konfrans, kino və tamaşa, 35-40 yerlik “dəyirmi masa” zalları fəaliyyət göstərəcək. Binada havalandırma sistemi qurulub, ayrıca su, qaz, elektrik xətləri çəkilib.
Gənclik Mərkəzi bütün lazımi avadanlıq və inventarlarla təchiz olunacaq. Binanın həyətində də abadlıq və yaşıllaşma işləri görülür.
Milli memarlıq ənənələri ilə tikilən bina yaxın vaxtlarda yeniyetmə və gənclərin istifadəsinə veriləcək.