DÜNYA
Siyasətçinin islam əleyhinə aksiya keçirmək cəhdi polislə toqquşmalara səbəb olub
Stokholm, 15 aprel, AZƏRTAC
Kopenhagenin müsəlmanlar yaşayan rayonunda antiislamçı siyasətçinin aksiya keçirmək cəhdi polislə toqquşmalara səbəb olub.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, bazar günü axşam Danimarka paytaxtının Norrebro dairəsində baş vermiş küçə iğtişaşları ilə əlaqədar həmin rayona çoxlu polis qüvvələri cəlb edilib. Polisin məlumatına görə, iğtişaşlarda 200-ə yaxın adam iştirak edib. Güman edilir ki, bu hadisələr antiislamist çıxışları ilə məşhurlaşmış siyasətçi Rasmus Paludanın hərəkətləri ilə bağlı olub: onun Norrebro dairəsində, sakinlərinin çoxu gəlmə iş adamları olan Bloqrads yaşayış məntəqəsində nümayiş keçirməsinə icazə verilib.
Radikal siyasətçinin hərəkətləri iğtişaşa səbəb olub, bəzi adamlar Paludaya hücum etməyə çalışıblar. Bundan sonra polis Paludanı manifestasiyanı dayandırmağa və aksiya keçirilən yerdən uzaqlaşmağa məcbur edib. Paluda özü zərər çəkməyib.
Buna baxmayaraq, Paluda aksiya keçirilən yeri tərk edəndən sonra da gərginlik davam edib. Aksiya iştirakçıları polislərə və əlavə qüvvələrə daşlardan, butulkalardan və fişənglərdən istifadə etməklə hücum ediblər. Polis gözyaşardıcı qaz tətbiq edəndən sonra aksiya iştirakçıları dağılışıb.
İğtişaşla əlaqədar bir nəfər həbs edilib.
Məlumat üçün bildirək ki, Rasmus Paluda “Stram Kurs” adlı partiyanın təsisçisidir. Sərt antiislam ideologiya təbliğ edən bu partiya dini qadağan etmək və qeyri-qərb ölkələrindən Danimarkaya immiqrasiyaya son qoymaq istəyir. Partiyanın üzvləri öz provokasiyalı hərəkətləri ucbatından Danimarka parlamentində, şəhər və vilayət şuralarında yer tutmaq üçün kifayət qədər səs toplaya bilməyiblər. Lakin bu partiyanın üzvləri tərəfindən Quranı yandırmaqla bağlı hərəkətlər barədə yazılar müntəzəm surətdə qəzetlərdə dərc olunur. Danimarka qanunvericiliyinə görə bu şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur, çünki küfr haqqında qanun 2017-ci ildə ləğv edilib və həmin il “Stram Kurs” partiyası yaradılıb. Digər tərəfdən Paluda özü Youtube kanalında yerləşdirdiyi videoda irqi ayrı-seçkilik xarakterli bəyanatlara görə, Danimarka Cinayət Məcəlləsində təsbit olunmuş irqi ayrı-seçkilik haqqında maddəyə əsasən bu yaxınlarda mühakimə edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm