DÜNYA
Slovakiyanın dövlət başçısı ölkədə sərt karantin rejiminin tətbiqinə çağırıb
Bratislava, 24 noyabr, AZƏRTAC
Slovakiyada xəstəxanalar koronavirus pandemiyası ilə əlaqədar kollaps həddində yükləndiyinə görə, dövlət başçısı Zuzana Çaputova ölkədə sərt karantin rejiminin elan edilməsinə çağırıb.
AZƏRTAC xəbər verir ki, lokdaun qərarı hökumətin səlahiyyətində olsa da, dövlət başçısının siyasi çəkisi və əhali arasında populyarlığı əks-səda doğurub. Prezident çağırışında bildirib ki, Slovakiya pandemiyaya qarşı mübarizədə məğlub olmaq üzrədir və buna görə də ölkədə sərt karantin rejimi qaçılmazdır. O, lokdaunun məsuliyyətli vətəndaşlara qarşı ədalətsiz seçim olduğunu etiraf edib, lakin səhiyyə sistemini qorumaq üçün bu addımı vacib hesab edib.
Hökumətdə təmsil olunan partiyaların nümayəndələri hazırda məhdudiyyətlərin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıldığını təsdiqləsələr də, konkret hansı addımların nəzərdə tutulduğuna aydınlıq gətirməyiblər.
Qeyd edilməlidir ki, əhali sayına düşən yoluxmaların nisbətinə görə Slovakiya dünya üzrə antirekord vurub. Ölkə üzrə 100 min nəfərə düşən həftəlik yoluxma sayı ötən həftə 1265 olub. 5,5 milyon nəfər əhalisi olan ölkədə hazırda gündəlik yoluxmaların sayı 11 min nəfərdən çoxdur və əhalinin 42,8 faizi virusa qarşı tam peyvənd olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava