SİYASƏT
Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin ilk iclası keçirilmişdir
Vyana, 18 dekabr (AZƏRTAC). Dekabrın 17-də Sloveniyanın Nova-Qoritsa şəhərində yeni yaradılmış Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin ilk iclası keçirilmişdir. Nova Qoritsada yerləşən qədim Kromberk qəsrində təşkil edilən iclasın açılışında şəhər merinin müavini Mitya Trtnik və Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Emil Həsənov giriş sözü ilə çıxış etmişlər.
Daha sonra tədbir iştirakçıları cəmiyyətin sədrinin, sədr müavinlərinin və müşahidə şurası üzvlərinin seçilməsi məsələsinə baxmışlar. Veteranlar Cəmiyyətinin üzvü İvan Başın cəmiyyətin sədri seçilmişdir.
İclasda həmçinin, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsini məqsədi ilə yaradılmış Dostluq Cəmiyyətinin fəaliyyət proqramı qəbul edilmişdir. Proqram iqtisadiyyat, təhsil, elm, mədəniyyət, turizm, idman və digər sahələri əhatə edəcəkdir. Proqrama əsasən, həm Sloveniyada, həm də Azərbaycanda birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Hazırda Dostluq Cəmiyyətinin Sloveniyanın müxtəlif dövlət və ictimai təşkilatlarının nümayəndələrindən, iş adamlarından, alimlərdən, jurnalistlərdən, İkinci Dünya müharibəsi veteranlarından “Mixaylo” təxəllüslü Sofet İttiqafı qəhrəmanı Mehdi Hüseynzadənin silahdaşlarından ibarət 80-ə yaxın sloveniyalı üzvü vardır.
İclasdan sonra tədbir iştirakçıları incəsənət professoru xanım Vesna Çrnivets tərəfindən hazırlanmış və Azərbaycanın qədim yaşayış məskəni olan İsmayıllı rayonunun Lahıc qəsəbəsinə həsr edilmiş fotosərgi ilə tanış olmuşlar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######