REGİONLAR


Snayper tüfəngləri ilə hədəfləri məhv etmək üçün ən çətin tapşırıqlar uğurla yerinə yetirilib

Naxçıvan, 11 mart, AZƏRTAC

Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilib.

Məzunlar adından çıxış edən kurs birincisi müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Ramin Abdullayev deyib ki, real döyüş əməliyyatlarına yaxın təşkil edilmiş məşğələlərdə qazandığımız təcrübələr nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq.

Türkiyə Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, piyada qədəmli baş çavuş Murad Bayraqdar kursda qazanılan nailiyyətlərdən danışıb. Bildirilib ki, kurs zamanı gecə və gündüz şəraitində snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəfləri məhv etmək üçün ən çətin tapşırıqlar icra edilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov qeyd edib ki, hər iki qardaş ölkənin hərbi qulluqçularının kurs zamanı keçirilən məşğələlərdə vətənpərvərlik hissləri ilə peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.

Türkiyə Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi mütəxəssis snayper hazırlığı kursunda şəxsi heyətə kəskin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb.

Çıxışlardan sonra kursu daha yüksək qiymətlərlə birinci, ikinci və üçüncü yerlə başa vuran məzunlara sertifikat, döş nişanları və qiymətli hədiyyələr, bütün məzunlara isə sertifikatlar və döş nişanları təqdim edilib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.