ELM VƏ TƏHSİL
Sosial həssas ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsinə dair qərar layihəsi üzərində iş gedir
Bakı, 6 aprel, AZƏRTAC
Nazirlər Kabineti tərəfindən 2020-ci il aprelin 4-də təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”na əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulur. Bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Təhsil nazirinin müşaviri Elnur Məmmədov məlumat verib. O bildirib ki, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür. Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir.
Elnur Məmmədov qeyd edib ki, hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir. Qərar qəbul və elan ediləndən sonra bütün suallara dəqiq cavab vermək olacaq.