ELM VƏ TƏHSİL
Sosial proseslərin informasiya texnologiyaları vasitəsilə analizi aparılır
Bakı, 14 yanvar, AZƏRTAC
Müasir dövrdə sosial proseslərin informasiya texnologiyaları vasitəsilə analizi böyük aktuallıq kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmi şuranın iclasında çıxışı zamanı səsləndirib.
Akademik cəmiyyətdə gedən dəyişiklikləri, sosial-iqtisadi prosesləri analiz etmək üçün, ilk növbədə, insanlar arasında münasibətlərin analizinə ehtiyac olduğunu vurğulayıb. Alimin sözlərinə görə, sosial münasibətlərin analizini aparmaq üçün münasibətlərin təsnifatlandırılması vacibdir: “Münasibətlər hüquqi əsaslı və tənzimlənməyən münasibətlərə bölünürlər ki, hər iki istiqamətdə qeyri-səlistlik mövcuddur. Bu sahədə tədqiqatın əsas məqsədi cəmiyyətdə baş verən sosial proseslərin ümumi mənzərəsinin müəyyən edilməsi üçün sosial proseslərin intellektual analizi sisteminin işlənməsidir. Məqsədə çatmaq üçün isə predmet sahəsi dərindən araşdırılmalıdır”.