Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs saxlanılıb VİDEO
AzerTAg.az
Bakı, 30 mart, AZƏRTAC
Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üstündə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib. Onun üstünə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və 10 ədəd patron aşkar edilib. Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbərin mətnində orfoqrafik səhv var