QAN YADDAŞI
Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb
Sumqayıt, 23 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Fevralın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, ali məktəbin rektoru, professor Elxan Hüseynov anım mərasimində Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışıb. O, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğını tarixdə misli bərabəri olmayan faciə adlandıraraq, bu qətliamın bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirib.
Rektor ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını diqqətə çatdıraraq, bu istiqamətdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə Xocalı sakini, faciənin şahidi Aydın Əliyev çıxış edərək ailə üzvlərinin, yaxınlarının erməni silahlıları tərəfindən amansız işgəncələrə məruz qaldığını bildirib. Təsadüf nəticəsində o dəhşətli gecədən sağ çıxdığını deyən Aydın Əliyev Xocalı soyqırımının qan yaddaşımızdan heç zaman silinməyəcəyini vurğulayıb.
Anım mərasimi tələbələrin hazırladığı Xocalı hadisələrini əks etdirən “Gözü yolda Xocalım” adlı ədəbi-bədii kompozisiya ilə sona çatıb.