REGİONLAR
“Sumqayıt Kimya Sənaye Parkı”na ötən il 807 milyon 500 min manat investisiya yatırılıb
Sumqayıt, 11 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Ötən il “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) üçün uğurlu olub və Parka 807 milyon 500 min manat investisiya yatırılıb.
AZƏRTAC xəbər verir ki, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rola malik olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə yerli və xarici investorların marağı getdikcə artır. Hazırda Parkda investisiyalarının həcmi 3 milyard dollar olan 20 rezident qeydiyyata alınıb. 13 müəssisə istehsal fəaliyyəti ilə məşğuldur. İstehsalat və tikinti-quraşdırma işlərində əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləri olan 5 mindən artıq işçi çalışır. Parkda ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzinin və investisiya məbləği 3,5 milyon dollar olan polimerdən kisə və torba istehsalı müəssisəsinin tikintisi başa çatdırılıb.
Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı və “Azərxalça” ASC-nin ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabrikinin tikintisi davam etdirilir.