REGİONLAR
Sumqayıt kitabxanası “Yayı kitabla keçirək” layihəsinə start verib
Sumqayıt, 12 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin S.Vurğun adına Mərkəzi Kitabxanası “Yayı kitabla keçirək” layihəsinə start verib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Mərkəzi Uşaq Kitabxanasında “Ziyalılarımızı tanıyaq” adlı tədbir keçirilib. Kitaba, mütaliəyə marağın artırılması, asudə vaxtın daha maraqlı və məzmunlu təşkili məqsədilə təşkil olunan tədbirin ilk qonağı yazıçı-publisist, Əməkdar jurnalist Eyruz Məmmədov olub.
Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin şagirdlərinin, müəllim və valideynlərin iştirak etdiyi görüşü Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açıb. O, oxucuların mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı təklif olunan layihənin əhəmiyyəti, kitabın insan həyatındakı əvəzsiz rolu, mütaliənin faydaları haqqında danışıb.
Sonra Eyruz Məmmədov uşaq və yeniyetmələrin mütaliə vərdişlərində kitabxananın imkanlarını cəmiyyətə göstərmək məqsədilə təşkil etdikləri “Dostlar klubu”nun məramından, dahi mütəfəkkirlərin, elm və sənət xadimlərinin kitab, mütaliə haqqında dəyərli fikirlərindən sitatlar gətirib. Həmçinin kitabın insan xarakterinə, düşüncəsinə bilavasitə təsirindən danışıb, uşaqların suallarını cavablandırıb.
Digər natiqlər yay aylarında uşaqların və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edən, onların kitaba marağını artıran, mütaliə mədəniyyətinə cəlb edən, uşaqların təxəyyülünü, yaradıcılığını inkişaf etdirən yay mütaliəsinin vacibliyini qeyd edib, uşaqlarla səmimi söhbətə, faydalı məsləhət və tövsiyələrə görə tədbirin qonağı Eyruz Məmmədova öz təşəkkürlərini bildiriblər.