REGİONLAR
Sumqayıt teatrı 50-ci yubiley mövsümünü açıb
Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümünü açıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov Sumqayıt teatrının keçdiyi şərəfli yola nəzər salaraq, növbəti mövsümdə reallaşacaq layihələrdən danışıb. O, yubileylə bağlı hazırlıq prosesindən söz açaraq bildirib ki, Prezident İlham Əliyev bu il iyulun 5-də Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Mübariz Həmidov kollektivin bundan sonra daha əzmlə çalışacağını və teatrsevərləri yeni tamaşalarla sevindirəcəyini vurğulayıb.
Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov teatrın vətənpərvərlik tərbiyəsində, maarifləndirmə işində, bədii-estetik zövqün formalaşmasında önəmli rol oynadığını qeyd edib.
Daha sonra kollektiv mövsümün ilk tamaşasını - N.Muradoğlunun “Zülmətdə nur” yeni səhnə əsərini tamaşaçılara təqdim edib. Səhnə əsəri 1937-ci il repressiya qurbanlarından, əsasən də görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin taleyindən bəhs edir.
Tamaşada habelə, məşhur Azərbaycan ziyalıları - dövrünün tanınmış şairləri Əhməd Cavad, Mikayıl Müşfiq və onların həyat yoldaşlarının çəkdiyi repressiya əzablarından səhnələr də yer alıb. Zamanın ağır durumuna, məhbus həyatının fiziki və mənəvi işgəncələrinə məruz qalan bu insanlar son ana qədər öz işıqlı ideyalarına sadiq qalırlar.
Ölüm hökmündən xoflanaraq şair dostlarını güdaza verən müxtəlif tiplər də mütəmadi olaraq ifşa predmetinə çevrilir. İnsan donuna girmiş iblis obrazı tamaşa boyu qəhrəmanları qarabaqara izləyərək dramatizmi daha da artırır və Hüseyn Cavidin məşhur “İblis nədir” sualını tamaşaçı üçün açıq saxlayır.
Tamaşa ulu öndər Heydər Əliyevin Naxçıvanda Hüseyn Cavid məqbərəsi önündəki tarixi çıxışının səslənməsi ilə sona yetir və zülmətdə nur kimi parlayanların ruhları səhnədə canlanır.
Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Rauf Ağakişiyev İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov, Şəhla Məmmədova, Sədaqət Nuriyeva, Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Dağlar Rüstəmov, İlham Səfərli, İlahə Səfərova, Akif Mirzəyev, Rövşad İlyasov və Rövşən Əsgərov canlandırıblar.