REGİONLAR
Sumqayıt teatrı yeni mövsümün açılışına hazırlaşır
Sumqayıt, 22 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümünü yeni tamaşa ilə açacaq.
Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi İslam Həsənov AZƏRTAC-a bildirib ki, görkəmli yazıçı Turqut Özakmanın “Ocaq” psixoloji dramı Əməkdar Artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb. Tamaşada bir ailənin iztirabı kontekstində cəmiyyətin müxtəlif təbəqələrinin baxış bucağı mükəmməl şəkildə əks olunur.
Səhnə əsərində rol alan Əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və Amil Babayev psixoloji məqamları məharətlə ifa edirlər.
Teatrın yeni mövsümü və tamaşanın premyerası sentyabrın 27-də olacaq.