CƏMİYYƏT
Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkarlanıb
Bakı, 8 fevral, AZƏRTAC
Polis əməkdaşları Sumqayıt şəhərində karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 6-da gecə saat 1 radələrində şəhər polis idarəsinin 4-cü polis bölməsi və post-patrul xidmətinin əməkdaşları şəhərin 6-cı məhəllə ərazisində yerləşən “Zeytun” restoranının sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyini müəyyənləşdiriblər.
Polis əməkdaşları restoranı icarə əsasında işlədən şəhər sakini Ş.Əkbərovla profilaktik söhbətlər aparıb və karantin qaydalarına əməl etməyin vacibliyini onun diqqətinə çatdırıblar.
Ş.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Ş.Əkbərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.