CƏMİYYƏT
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 32 nəfər saxlanılıb VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 32 nəfər saxlanılıb. Həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar da müəyyən edilib.
Əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Əbülfəz İmanov saxlanılıb. Onun üzərinə və qəsəbə ərazisində yaşadığı evə baxış zamanı ümumi çəkisi 1 kiloqram 13 qram olan heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Zığ qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs, əvvəllər dəfələrlə məhkum edilmiş Tural İsmayılov da saxlanılıb. Onun üzərində axtarış aparılarkən və evinə baxış zamanı satış məqsədilə əldə etdiyi 1 kiloqram 800 qram heroin, 4 qrama yaxın psixotrop maddə - metamfetamin və elektron tərəzi aşkarlanıb.
Həyata keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana” da aşkarlanıb. Əməliyyat zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərlan Sadıqov, Əlimurad Cərullayev, İsmayıl Səlimov, Vüqar Həşimov, Namaz Dadaşov, Rauf Əsgərov, İsmayıl Əliyev, Bilal Qurbanlı və Həmid Mehbullayev saxlanılıblar. Onlardan da külli miqdarda heroin və metamfetamin aşkar olunub.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Elcan Şahverdiyev, Ərxan Qurbanov, Qurban Qurbanlı, Əli Əlizadə, Eldəniz Qasımov, Səkinə Namazova və Nərmin Muradova tutulublar. Onların da üzərindən külli miqdarda heroin və netamfetamin aşkar edilərək götürülüb. Həmin şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 14 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Hüseyn Əliyev, İsmayıl İsmayılov, Ziya Şükürov, Cavidan Fərzəliyev, Leyla Aslanova, Günay Bəkirova, Zaur Quliyev, Fikrət Məmmədov, Rəşad Salmanov, Pərviz Əmirbəyov, Ceyhun Məmmədov, Elşən Əliyev, Kamal Baxışov və İlqar Əsmətov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.
Bu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar aparılır. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.