CƏMİYYƏT
Suraxanıda keçirilən konfransda Ulu Öndərin neft strategiyasından danışılıb
Bakı, 8 may, AZƏRTAC
Suraxanı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyevin neft strategiyası” mövzusunda konfrans keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşı, 3 mindən çox rayon ziyalısı və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin rəsm dərnəyində məktəblilərin rəsm əsərlərinə baxıblar. Sonra ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları təqdim edilib, “Millət atası” filmi nümayiş olunub.
Məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, konfrans sosial-iqtisadi yüksəliş sürətinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq birliyin nüfuzlu üzvü olan müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev dühasının, genişmiqyaslı və məqsədyönlü fəaliyyətinin bir sahəsi olan Azərbaycanın neft strategiyasına həsr edilib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan nefti onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. İcra başçısı, həmçinin Azərbaycanın neft sənayesinin tarixindən danışıb, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlandığını vurğulayıb.
Konfransda məruzə ilə çıxış edən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov ulu öndər Heydər Əliyevin dahiliyinin, müdrikliyinin elmi təhlilini verib. Heydər Əliyevin neft strategiyasının təkcə ölkəmiz və region üçün yox, dünya üçün əhəmiyyətli olduğunu xüsusi vurğulayıb. V.Abbasov, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev siyasi məktəbindən bəhrələnməsinin onun nüfuzlu ictimai və siyasi xadim olmasında böyük rol oynadığını vurğulayıb.
Daha sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədova çıxış ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim edilib.
Konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edib.